Sevdiyim yox, sevgilim ol
Gəl xoşbəxt bir nağıl yazaq
Bir sənə bax, bir mənə bax
Nəyə lazım viranə bağ?
Bağban olum, sən gülüm ol
Sevdiyim yox sevgilim ol
İnsaf umma aydan, ildən
Gül olarmı solmuş güldən?
Bir gün mən də düşsəm əldən
Bir ayağım, bir əlim ol
Sevdiyim yox, sevgilim ol
Bax, qəddimi əydi dərdim
Xətrimə çox dəydi dərdim
Mənim olsan nəydi dərdim?!
Kədərim ol, nisgilim ol
Sevdiyim yox, sevgilim ol
Qanun yazıb, qayda pozaq
Ayrılıqdan, dərddən uzaq
Məhəbbətlə alovlananaq
Mən odlanım, sən külüm ol
Sevdiyim yox, sevgilim ol
Duyğularım dindi yenə
Sənsiz hər gün zülüm mənə
Mən xəstəyəm, gülüm sənə
Ya şəfam ol, ya ölüm ol
Sevdiyim yox, sevgilim ol
Doymaq bilmir gözüm səndən
Tamarzıdır nazım səndən
Hər gün yazıb-pozum səndən
Şeirim ol, qəzəlim ol
Sevdiyim yox, sevgilim ol...!
Rəvan Məmmədli







