Gecən xeyir, əzizim...Bu sənə yazdığım bilmirəm neçə yüzüncü məktubun neçə minincisə ilk sətir sözləridir. Bilmirəm, bu sənə gəlmək istəyib, divarlardan qabağa keçə bilmədiyim neçənci gecədir. Bilmirəm, o nədir, bu nədir.. Bu arada səni sevirəm.. Buralara da yaman yağış yağır son günlər,oralar necədir bilmirəm. Buralar yaman soyuqdur, kimsəsizdir, sənsizdir, oralar necə qoxur, bilmirəm. Elə mən də soyuqlaşmışam yaman, sonuncu dəfə kimə, nə vaxt salam verdiyimi xatırlamıram heç, oralarda salam-sağol qalıbmı, bilmirəm. Bu arada səni sevirəm.. Axır vaxtlar yaman yalançı olmuşam, bildiyin. Hamıya çay önərib, şərab içirəm. Hamıya işıq kimi ümid tutub, öz ümidimi basdırıram içimdə. Səni unuduram deyib, daha çox hiss edirəm özümdə. Bu arada səni sevirəm.. Yoxluğunda da çox şey öyrəndim, bir bilsən. Səhifə-səhifə tarix kitabları oxuyuram,başımı astronomiya ilə qatıram bu aralar. Bürclərlə də yaman dostlaşmışam. İndi bürcüm, gecələr gördüyüm yuxular haqqında oxumadığım bir səhərim də yoxdur. Bu arada səni sevirəm. Darıxmıram qəti. Vallah darıxmıram, billah darıxmıram. Öyrəşirəm deyəsən. Hərçənd nəyə öyrəşdiyimi də bilmirəm. İndi halımı görsən, acıyarsan bəlkə də. Turşudarsan üzünü, udqunarsan birinci, qollarını açarsan, tam mən qollarına doğru gələrkən, bağlayarsan üzümə. Bağlayarsan, əzizim. Bu arada səni sevirəm... Bu aralar da səni sevirəm...