Dekstrokardiya–Ürəyin sağda yerləşməsi
Yer üzündə 130 min insandan birinin ürəyi sağdadır. Tibdə orqanların yerdəyişməsi hadisəsi "Situs inversus" adlanır.
Dünyada kifayət qədər tanınmış insanların da ürəyi sağda olub.
Məsələn, Barry Manilow, Gene Simmonsun kimi. Azərbaycanda da ürəyi sağda olan məşhur var.
Mərhum şair Bəxtiyar Vahabzadənin ürəyi sağda olub. Hələ sağlığında mətbuata verdiyi müsahibələrində heç vaxt ürəyindən şikayətlənmədiyini bildirməsi, diqqət çəkir. Həkimlər belə insanların qeydiyyata alınmasını məqsədəmüvafiq sayırlar. Dünyanın bəzi ölkələrində ürəyi sağda olanların dərnəyi yaradılıb.
Ürəyi sağda olanların əksəriyyətinin digər orqanları, eləcə də damarları simmetrik olaraq yerini dəyişir. Buna tibdə güzgü effekti deyilir. Qaraciyər və dalaq yerini tam dəyişir, mədə isə nisbətən sağa meylli olur. Həkimlər bu yerdəyişmələri qanunauyğunluq kimi qəbul edirlər. Bəzən ürəyi sağda olanların orqanları yerini dəyişmədən də qala bilir.
Ürəyin sağda olması ilə bağlı ilk məlumat məşhur rəssam Leonardo da Vincinin adı ilə bağlıdır. Onun bu barədə bir rəsmi var. Uzun illərdən sonra bu barədə məlumatlara Marco Aurelio Severino adlı alimin qeydlərində də rast gəlinir. Bu qeydlərdən tam 1 əsr keçir və orqanların yerdəyişməsi ilk dəfə alim Matthev Baillie tərəfindən rəsmən təsdiqlənir.
Ürəyi sağda olanlarda rast gəlinən ürək xəstəlikləri normal insanlarda olduğu kimidir. Bu insanlar tibbi müayinədən keçməyənə kimi ürəklərinin sağda olduğunu bilmirlər. Xüsusi bir narahatlıqları olmur. Ürəyin sağda olması xəstəlik sayılmır, bununla bağlı heç bir müalicə də tətbiq olunmur.






