Mənim dünyam

Mənim dünyam özünü 🤗 möhtəşəm hiss edir. Maraqlı 31-03-2021, 14:46

Dağdağan ağacı haqqında

Dağdağan ağacı haqqında
Dağdağan əsasən dağlıq bölgələrdə bitir. Sağlam və bərk gövdəsi, cod yarpaqları, nazik qabıqlı meyvəsi olur. Ağacın kökləri, əmici telləri çox dərinə getdiyinə görə quraq yerlərdə də uzun müddət susuz yaşaya bilir. Yarpaqları ağzı daladığından heyvanlar onu yeməyə o qədər də maraq göstərmir.
Dağdağan bəd nəzər, yaman göz və sədəmədən qoruyan bitki hesab olunur. Hətta bəzən həmin xüsusiyyətinə görə onun kiçik budağını qırıb üzərində parça və düyünlər bağlayırlar.
Dağdağanın cavan şiv budaqlarından cəvəran və səbət toxunur, gövdəsindən ət döymək üçün toxmaq hazırlanır. Kənd yerlərində onun iri qanadlarından yüyrük asar, budaqlarından təsbeh və uşaqların boğazından asmaq üçün muncuq düzəldirlər. Qədim zamanlarda əkin zamanı cütə qoşmaq üçün boyunduruğun samısı dağdağan ağacından olardı.
Dağdağan quruyandan sonra zaman keçdikcə öz içindən ovulub tökülür. Görünür, elə həmin keyfiyyətinə görə ondan tikinti materialı kimi istifadə etmirlər. Odun-ocaq kimi isə dağdağanın əvəzi yoxdur. Uzun qış gecələrində odun sobası olan evdə dağdağan odunu otağı hamam kimi qızdırır.
Ağacın sıx yarpaqları olduğuna görə kölgəsi qalın olur və günəş şüalarını buraxmır. Yayda çox isti havalarda mal-qaranın onun dibində sərinlik və rahatlıq tapması məhz kölgəsinin qalınlığı ilə əlaqədardır.
Payız vaxtı üstü qabıqla örtülü kiçik, amma çox dadlı meyvələri yetişir. Meyvələr hətta yerə qar düşənədək ağacda qalır.
Dağdağanın budaq, yarpaq və meyvələri müalicəvi əhəmiyyətə malikdir. Ayaq tərləməsi, yaraların sağalması, böyrək qumlarının tökülməsi, mədə ağrıları və öskürəyin kəsilməsi üçün dağdağandan istifadə edilir. Yarpaqlarının saça sürtülməsi parlaqlıq verir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
919 973 847 878 981 883

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.