Tarixdə bu gün 13 avqust
Azərbaycanın görkəmli sərkərdələrindən olan Ağa Məhəmməd şah Qacar 1795-ci ilin bu günü İran taxt-tacına sahib oldu və beləliklə, Qacarlar sülaləsi 1925-ci ilədək İranı idarə etdi.
Ağa Məhəmməd şah 1797-ci ildə Gürcüstanı tutdu. 1798-ci ildə Qarabağda Şuşa qalasını aldıqdan sonra isə yaxın adamları tərəfindən qətlə yetirildi.
Fransız yazıçısı Jan Kevr Ağa Məhəmməd şah Qacarın ömür yolundan bəhs edən “Xacə şah” romanını yazıb.
***
1961-ci ilin 13 avqustundan Berlini ikiyə bölən və “Soyuq müharibə”nin simvolu sayılan divar inşa edilməyə başlandı. Uzunluğu 46 kilometr olan Berlin divarı şəhərin şərq və qərbini 30 il boyu fiziki olaraq bir-birindən ayırdı. Alman xalqının faciəvi rəmzi olan bu divar 1989-cu ildə dağıdılanda həm də bütün dünyada sosializm sisteminin parçalanma rəmzinə çevrildi.
***
13 avqust 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan (Ronald Reagan) "İran-Kontra qalmaqalı" ilə bağlı məsuliyyət daşıdığını rəsmi olaraq qəbul etdi.
Qeyd edək ki, qalmaqal podpolkovnik Oliver Nortun rəhbərliyi altında olan bir qrupun qeyri-qanuni olaraq İrana Amerika silahlarını satması və əldə edilən gəlirin Nikaraquadakı sosialist hökuməti devirmək üçün mübarizə aparan silahlı qruplara köçürüldüyünün öyrənilməsi ilə ortaya çıxmışdı.
***
13 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır
Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Rəhilə Hacıbababəyova 1882-ci ilin bu günü Tiflisdə anadan olub və oradaca Müqəddəs Nina Məktəbini bitirib. Bakıdakı Rus-Azərbaycan Qız Məktəbində pedaqoji fəaliyyətə başlayan Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə paytaxtda Azərbaycan dilində qızlar üçün ikisinifli məktəb açılıb və özü də uzun illər həmin məktəbdə müdir olub. (1882-1954)
***
Kuba inqilabının rəhbəri, Kuba Dövlət Şurası və Nazirlər Sovetinin sədri Fidel Kastro 1926-cı ilin 13 avqustunda doğulub. 23 yaşında (1949) Havana Universitetinin hüquq fakültəsini, sonra aspiranturasını bitirib.
Kastro 1952-ci ilin martında Batista diktatirasını devirmək məqsədilə hərbi-siyasi təşkilat yaradıb. Bir il sonra (1953) hakimiyyət orqanları onu 15 il azadlqıdan məhrum edib. Amma 2 il sonra (1955) o, amnistiyaya düşərək həbsdən buraxılıb.
Fidel Kastronun rəhbərlik etdiyi partizan müharibəsi nəticəsində 1959-cu il yanvarın 1-də Batista diktaturası devrilib. Həmin ilin fevralından o uzun illər Kuba respublikasının başçısı olub. (1926-2016)
***
Fantastik ədəbiyyatın Jül Vern (Jules Verne) kimi ikinci böyük dahisi olan ingilis jurnalisti və tarixçisi Herbert Corc Uells (Herbert George Wells) 13 avqust 1956-cı ildə 80 yaşında dünyadan köçüb. Onun qələmə aldığı "Zaman maşını", "Dünyalar müharibəsi" və "Gözəgörünməz adam" əsərləri bir çox dilə tərcümə edilib və əsasında filmlər çəkilib. (1866-1956)






