London haqında nə biliriy?
Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər yeni qaydalarla çətinliklə ayaqlaşırdı. İngilislər həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin, London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristofer Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel kilsəsi indi "Barbiken" göydələnləri arasında görünməz olub. Hazırda Londonda yeni inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. Londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar – Vestminster sarayı, Vestminster abbatlığı, Trafalqar meydanı, Mell, Karlton Hauz-terras, bir çox yolların qovuşduğu Pikadilli meydanı, Lester meydanı, onları əhatəyə almış məşhur Hayd park və Recent park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adı çəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı – Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında bura turistlərin böyük axını başlayır.






