Yupiter
Yupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planet. Yupiter Günəşin kütləsinin mində birinə bərabər olsa da, digər planetlərin cəmi kütləsindən 2,5 dəfə çox kütləyə malik qaz nəhəngidir. Yupiter qədim dövrlərdən etibarən astronomlara məlumdur.[9] Adının mənşəyi Roma mifologiyasında baş tanrı hesab olunan Yupiterdən qaynaqlanır.[10] Yupiter Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir.[11] Gecə səmasında Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir.






