Yaradıcı ruhlar
Yaradıcı adamların ruhunun görmə bucağı fərqlidir, hissiyyatları daha qabarıqdır. "Üçüncü göz" deyilən mistik anlayış var. Digərlərindən fərqli görənlərin, hiss edənlərin gözüdür bu. Hər şeyi daha çılpaqlığı, dərinliyi, aydınlığı ilə görüb, duyub həzm etmək, bu və ya digər formada onu üzə çıxarmaq, ifadə etmək. Ona görə də çoxluqda deyil, azlıqda olanların həm özünə, həm ətrafına, həm də cəmiyyətə təsiri başqadır. Salvador Dalinin həm özü, həm yaratdıqları ruh halının nələrə qadir olduğunun birbaşa nümunəsidir... 1980-ci ilin qış ayları idi. Evdə dəm qazından zəhərlənərək kliniki ölüm keçirmişdim və o anda gördüklərim ayılandan sonra məni heyrətə gətirmişdi. Ruhumun gördükləri ilə həqiqətdə olanlar eyni idi. Məni geri qaytarmaq üçün həyat yoldaşımın çabalarını, süni nəfəs verməsini, uşaqların necə ağladıqlarını, döşəmədə uzanıqlı vəziyyətdə qaldığımı kənardan görmüşdüm. Ruhum bədənimdən çıxsa da, bu mənzərəyə dözə bilməyib qayıtdı sanki. Özüm öz səsimə diksinmişdim. Ağlaya-ağlaya gözlərimi açmışdım. Amma bu qayıdışa çox sevinmişdim. Bir dəfə də belə hal olmuşdu.






