weher uwagi

weher uwagi Azərbaycan 20-06-2023, 16:30

İmamyar Həsənov - "Laçın"

İmamyar Həsənov - "Laçın"
Başqa mədəniyyətlərin ənənələri ilə öz mədəni irsinin parlaq çalarlarını özünün aranjmanında birləşdirən və cilalayan İmamyar Həsənov, beynəlxalq səviyyədə tanınmış virtuoz kaman ustasıdır. Əsrarəngiz musiqiçi kimi o, Azərbaycan milli musiqisinin beynəlxalq miqyasda tanınmasında böyük uğura nail oldu. İmamyar Həsənov 1975-ci ildə Bakıda anadan olub. O, kamançada 7 yaşında ifa etməyə başladı və Azərbaycan Dövlət İnstrumental Orkestrində ən gənc solist oldu. Həmçinin, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət İncəsənət və Musiqi Konservatoriyasının magistr dərəcəsini aldı. Hal-hazırda mükəmməl ifa qabiliyyəti olan İmamyar, ABŞ-da yaşayır. Qısa məlumat almaq istəyən izləyicilər cənab Həsənovun şəxsən özü tərəfindən ingilis dilində verdiyi təxminən 1 dəqiqəlik müsahibəyə, daha ətraflı məlumat almaq istəyən izləyicilər isə bir müddət əvvəl paylaşdığım Layihəyə baxa bilər.

Bununla belə, təkcə əlimdə olan məlumatlarla kifayətlənmədim, uzun-uzun axtarışlar edib ingilis dilində kiçik bir bioqrafiyanın tərcüməsini sizin üçün təqdim edirəm: “2012-ci ildən San-Fransiskonun etnik musiqisi üçün Qlobal Musiqi direktoru işləyir. İmamyar Həsənov, kamançada virtuoz ifaçı kimi və bu alətin hərtərəfli aranjmançısı kimi ənənəvi və digər mədəniyyətlərin musiqilərini geniş şəkildə birləşdirərək beynəlxalq səviyyədə qarşılanır. Son dərəcə yüksək savada malik olaraq, o Azərbaycan musiqisini dünya arenasına çıxarmaqda öz təcrübəsi və baxışı ilə liderlik edir. Mükəmməl bədii xarakterə malik olan cənab Həsənov, çoxsaylı uğurları olan son dərəcə istedadlı musiqiçi kimi Azərbaycanın ənənəvi musiqisinin yaşaması və cəmiyyət tərəfindən qiymətləndirilməsi uğrunda işlər aparır. Onun ənənəvi Azərbaycan və Qərb klassik musiqilərində geniş biliyi, dünyada bir çox ənənəvi musiqi alətlərini və innovasion hazırlıq metodlarını bilməsi, nəinki ənənvi azərbaycan musiqisinin qorunmasına səbəbkar olmuş, hətta bu musiqini birinci plana, klassik və etnik musiqinin sahələrinə çıxaran əsərlər toplusu yaratmışdır. 2013-cü ildə cənab Həsənov, Stenford Universitetinin Musiqi Şöbəsində San-Fransiskonun etnik musiqisinin Festivalı üçün azərbaycan musiqisini Mühazirəçi kimi tədris etmişdir.”

Axtarışlarım sayəsində İmamyar Həsənovun dahi azərbaycan musiqiçisi, xalq artisti, 1929-cu ildə Bakıda anadan olan və 1994-cü ildən ABŞ-da San-Fransiskoda yaşayan əfsanəvi pianoçu Çingiz Sadıqov (1929÷2017) ilə bir neçə mükəmməl səsyazmalarını aşkar etdim. Üstəlik, Los-Ancelesdə dünyaca tanınmış “Skirball” mədəniyyət mərkəzində 5 fevral 2013-cü ildə Azərbaycan Dövlət Gömrük Komitəsi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə birgə olduqca möhtəşəm bir tədbir təşkil olunan videoçarx qarşıma çıxdı. Tədbirdə ABŞ-dan olan caz ustaları ilə yanaşı kamançada İmamyar Həsənov, tarda (qardaşı) Rüfət Həsənov, nağarada isə Elşən Qasımov çıxış etmişdir.

ABŞ-dan əlavə, İmamyar Həsənov bir çox ölkələrdə, o cümlədən Türkiyədə, Yunanıstanda, İranda, İsraildə Azərbaycan xalq mahnılarını (“Küçələrə su səpmişəm”, “Girdim yarın bağçasına”, “Laçın”, “Sarı Gəlin”, "Dilbərim", “Fəridəm” və s.) və bəstəkar mahnılarını (S.Rüstəmovun “Getmə-getmə”, T.Quliyevin “İlk bahar”, F.Əmirovun “Gözəlim sənsən” və s.) ustalıqla və yüksək dərəcədə vətənpərvərlik hissi ilə tanıtmışdır.

Bu möhtəşəm ifalardan birini seyr etməmək günah olar. Deməli, 28 il ağrılı-acılı məkanımız olan, amma qüdrətli və mətin ordumuz sayəsində işğaldan azad olunaraq xalqımızın əbədi məkanına çevrilən Laçın barədə İsrailin cənub regionunda yerləşən və əsası 1985-ci ildə qoyulan Şaharut qəsəbəsində “Laçın” adlı xalq mahnımız 2012-ci ildə ANNA RF qrupu ilə birlikdə İmamyar Həsənov tərəfindən kamançada səsləndirilmişdir.

Bu çarxı, hazırda o gözəl məkana köç edən Laçın sakinlərinə və uğrunda canından, qanından, doğmalarından keçən şəhidlərimizə ithaf edirəm! Qarabağ Azərbaycanındır!

Buyurun, zövq alaraq dinləyib istirahət edin!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
645 651 608 573 529 572

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.