Mən, sən, o...
Mən bu dünyaya münasibətlər, düşüncələr arasında körpü qurmaq üçün gəlmişdim.
Sən-bu körpüləri yandırmaq üçün.
O körpülər ki, onlarla bütün dünyanı dolaşmaq olardı.
Biz-ömür boyu bu yanmış körpülərin külüylə oynadıq, biz ola bilmədik. Siz olduq, Onlar olduq.
...Mənə görə həyatın-bu qarışıq məsələnin çox sadə həlli vardı. Sənə görə bu sadə məsələnin çox mürəkkəb həlli. Ona görə biz orta məxrəcə gəlib bu həyatın yeganə həllini tapa bilmədik.
Bu səbəbdən Sizə görə bir başqa çıxış yolu mövcuddu, Bizə görə bir başqa, Onlara görə lap ayrı.
...
Mənim üçün bu sualların cavabı olduqca maraqlıdı. Sənin üçün anlamsız. Onun üçün biz bu həyatı birlikdə çözə bilmədik. Həyatın yeganə anlamı, sadə anlamı, bircə cümləlik anlamı Sizin üçün, Bizim üçün, Onlar üçün bu səbəbdən fərqli oldu, ayrı-ayrı oldu, həqiqət parçalandı.







