ice berg

ice berg Hekayələr 11-08-2024, 18:18

Şarl Bodlerin etüdləri "1"

Şarl Bodlerin etüdləri  "1"
Gecə saat birdə

Əlbəttə, mən təkəm! Arabir ötüb-keçən, gecikmiş və yorulmuş faytonların səsindən başqa səs-səmir yoxdur. Rahatlıq tapmasam da, heç olmasa, sakitlik bir neçə saatlıq qismətim olur. Yaxamdan əl çəkməyən insan sifətləri yox olub getdi və mən öz əzabımla tək qaldım.

Mənə toranlığa dalmaq ixtiyarı verilib! Hər şeydən öncə, açar iki dəfə burulur. Qapı mənə təslim olur, elə bil buna görə tənhalığım daha da böyüyür və məni dünyadan ayıran qalın divar səddinə çevrilir.

Dəhşətli həyat! Dəhşətli şəhər! Günə yekun vuraq. Bu gün bir neçə yazıçı gördüm. Biri məndən soruşdu ki, quru yolu ilə Rusiyaya getmək olarmı? (Görünür, o, Rusiyanı da ada sayır); bir jurnalın redaktoruyla uzun-uzadı, ciddi söhbət elədim. Hər etirazıma cavab verirdi: "Biz namuslu adamlarıq". Məgər bütün qalan jurnallara dələduzlar rəhbərlik edir? Salamlaşdığım iyirmi nəfərdən on beşini tanımıram. Bir o qədər də əlcəksiz əlləri sıxdım; yağış başlayanda, vaxt öldürmək üçün bir aktrisaya baş çəkdim, o da məndən, ona Veneranın kostyumunu çəkməyi xahiş etdi; teatrın direktorunun dalınca düşdüm, vidalaşanda dedi: “Siz, H.-yə müraciət etsəniz, yaxşı olar, o mənim əsərlərini tamaşaya qoyduğum ən sanballı, ən kobud, ən məşhur müəlliflərdən biridir. Onun köməyi ilə siz nəyəsə nail ola bilərsiniz. Onunla görüşün, sonrasına baxarıq"; heç zaman göstərmədiyim bir neçə miskin qəhrəmanlığımla öyündüm, məmnuniyyətlə etdiyim bir neçə rəzil işi namərdcəsinə dandım; dostuma qulluq göstərməkdən imtina etdim, bir səfeh üçün tövsiyə məktubu verdim… Məgər bu, hamısıdı?

Mən sakitlikdə, gecənin tənhalığında hər şeydən uzaqlaşmaq, yenidən özümə bir az hörmət qazanmaq istərdim. Sevdiklərimin, vəsf etdiklərimin ruhları, mənə təpər verin, dünyanın yalanlarını məndən rədd edin! Sənsə, İlahi, mənə bir neçə yaxşı şeir yazmaq imkanı ver! O şeirlər ən azı özümə sübut etsin ki, dünyada ən alçaq adam heç də mən deyiləm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 288 284 259 248 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.