ice berg

ice berg Hekayələr 26-03-2025, 22:00

Bir ovuc badam

Bir ovuc badam
(Novella)

Yuxuda onu görmüşdüm, məni qonaq çağırmışdı. Yerdən, elə döşəmənin üstündəcə süfrə açmışdı. Süfrənin ortasına dəmir çörək qabı, tabaq qoyulmuşdu. Tabağın içində də bir ovuc badam ləpəsi... Boynuma alıram ki, həqiqətən, mən əntiq dəmir məişət əşyalarını, elə badamı, badam ağaclarını çox sevirəm. Qəribəydi, axı o mənim dəmir məişət əşyalarını və badam ağaclarını belə çox sevdiyimi haradan bilirdi?..

...Ata-baba həyətimizdə bir badam ağacı vardı. Alma ağacıyla qonşuydu. Badam ağacımız şümərək idi, nazik, düz budaqları vardı. Hətta yarpaqları o qədər xırda, nazik idi ki, adam onların tez saralacağından, ilk yağışdan, ya xəfif bir küləyə dözməyib töküləcəyindən ehtiyat edərdi.

Alma yetişən zaman mən o ağacın altında oturub ətirli, qıpqırmızı, dadlı meyvələrindən yeyə-yeyə badam tərəfə baxardım və düşünərdim ki, görəsən, bu ağacın meyvəsi necə olur? Sonrakı illərin birində badam ağacı çiçəklədi, meyvə də gətirdi. Düzdür, az gətirmədi, üstündə bar vardı, ancaq heyif ki, tez qurudu. Anlamadıq dərdini. Olmaya, ətrafında iri ağaclar vardı, kölgələndi, günəş ziyalarından doymadı? Yoxsa, alma ağacının bol bar-bəhrə verməyinə dözə bilmədi, hövlündən çatladı. Mənim də gözüm badamdaydı, qurudu. Bəlkə də mən qurutdum ağacı.

O vaxtlar arxlar yaxşı işləyərdi, su sarıdan bolluq idi. Badam ağacı da zoğal ilə alma ağaclarının arasındaydı, arxın üstündə. Sonralar başa düşdüm ki, badam suyu sevən ağac deyilmiş. Yoxsa, zoğal, alma ağacı kimi o da uzun yaşayar, öz bol bar-bəhrəsini əsirgəməzdi bizdən.

Həyətimizdəki badam ağacı quruyanda çox məyus olmuşdum, ağlamışdım, hətta. O ağacı heç indi də unutmamışam. Dostlara, tanışlara həyətimizdəki o badam ağacından, onun bəhrəsiz acı taleyindən bəhs edəndə: "yenisini ək, becər, sapsağlam, təptəzə badam ağacın olsun - sənin badam ağacın", - deyə ağızdolusu məsləhət verir, yeni dəbdə olan badam növlərindən də bəhs etməyi unutmurdular. Mən isə razılaşmırdım, nə gizlədim, qorxurdum ki, birdən yeni əkib-becərəcəyim badam ağacı köhnə həyətimizdəki o badam ağacına bənzəməz və yaddaşımdakı unudulmaz təəssüratları alt-üst edər.

Nəhayət, dost-tanış "badam ağacı ək", - deyə-deyə saqqızımı oğurladılar, badam bağı saldım, xeyli, lap çox badam pöhrəsi əkdim, o qədər çox ki, indi sayını da xatırlamıram.

Pöhrələr filizləndi, budaqları pardaxlandı. Hər bahar ağaclar şövqlə tumurcuqlayıb ləçəkləyir, sıx budaqlarından yamyaşıl, titrək yarpaqlar sallayırdı. Di gəl, meyvəyə çatanda, nə oldusa, bağ əlimdən çıxdı, saxlaya bilmədim, yenə meyvəsini dadmadım.

...İndi də yuxuda, mən dostumun açdığı süfrədə həmin o dəmir çörək tabağındakı badamları əlimə alıb deyirdim ki, birinci dəfədir badam görürəm.

- Həə, yuxum çin oldu, nahaq danışdım yuxumu. Əslində yuxuda nəsə vermək istəyirdi mənə, çox bahalı hədiyyə. Dedim, "yox, bu bahalıqda hədiyyəni qəbul edə bilmərəm", götürmədim. Sonra dəmir çörək qabını götürmək istədim. Dəmir əşya yığmaq hobbim var axı, ancaq çatdıra bilmədim. Qapı döyüldü, kimsə gəlirdi. O məni mətbəxin yanındakı otaqda gizlətdi, şkaf vardı, onunla şkafla divarın arasındakı küncə sığındıq. Onu qollarımın arasına alıb, "Badam gözlüm", - deyib köksümə sıxdım. Orada o qədər qaldım ki, yuxu məni apardı.

Ayılanda gördüm səhər açılıb, oğlum: - Ata, ata, - deyib, məni çağırırdı. Mənim qonaq getdiyimi, burda olduğumu ona kim demişdi, kimdən öyrənmişdi?..

Novruz Nəcəfoğlu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 284 255 318 270 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.