ACGÖZLÜK: insanın sonu
Ulu Yaradan tərəfindən təəssüf ki, insan övladına acgözlük kimi bir xüsusiyyət də bəxş olunub. Bəlkə də bəxş olunub ki, əsl insanlığı ortaya çıxarsın; gözü toxlar acgözlərdən fərqlənsin. Və acgözlər sonda dünya malının dünyada qaldığını anlayıb toxgözlərin qazandıqlarına köks ötürsünlər. Onların mənəvi zənginliyinə həsəd etməklə, ömür boyu üst-üstə yığdıqlarının əslində dəyərsiz olduğunu anlasınlar. Bəs belə olan halda nə üçün bəzi insanların gözü acdır? Bilə-bilə ki, sonda hər kəs kimi eyni qayda ilə dünyasını dəyişəcək, bu dünyadan o biri dünyaya heç nə apara bilməyəcək, yenə də acgözdür, yenə də nə isə qazanmağa, mal-dövlətini artırmağa çalışır. Deməli, acgözlük elə bir hissdir ki, həm də insanı sağlam düşünməkdən uzaq edir.
Acgözlük həm də anormallıqdır
Acgözlük əslində həm xəstəlik, həm anormallıq, daha böyük mənada isə bəladır. Nə üçün? Elə adamlar tanıyırıq ki, dünya malından doymur ki, doymur. Sanki bir xəstəliyə tutulubmuş kimi mal-dövlət yığır, hər an bunu bir az da artırmağa çalışır, həm də yığdığını elə qoruyur ki, amandır, birdən üstündən bir qəpik o yan-bu yan ola bilər. Belə insanlarda acgözlükdən yaranan ikinci bir xüsusiyyət-simiclik də vardır. Yığır, lakin xərcləmir. Ailəsində həyat yoldaşı, uşaqları nəyəsə ehtiyac duyur, lakin baxmayaraq ki, onu qarşılaya bilər, lakin edə bilmir. Çünki evin kişisi simicdir, mal-dövlətinin çox olmasına baxmayaraq bir qəpik belə xərcləmək istəmir.
Acgözlük həm də anormallıqdır. Çünki insan pul yığmalıdır, mal-dövlət toplamalıdır kimi normal olmayan bir istəyə malik olur. Yəni, sağlam şəkildə düşünə bilmədiyi üçün anormaldır. Hər şeyin özünün olmasını arzulayır, buna can atır. Və topladığını qorumaq üçün canından keçməyə hazırdır. Bütün günü əlində olanları orada-burada gizlədir, fikri-zikri qalır yanında ki, birdən kimsə tapar, kimsə aparar. Beləliklə, anormal və narahat bir həyat yaşayır.
Bütün bunların fonunda isə söyləmək olar ki, acgözlük böyük bir bəladır. Müalicəsi olmayan xəstəlik, çıxışı olmayan yol, qurtuluşu olmayan psixoloji durumdur. Elə bir vəziyyətdir ki, insanı gündən-günə didib-parçalayır, məhv edir. Onda yeni xarakterlər-həsəd, paxıllıq, riyakarlıq, nankorluq kimi xüsusiyyətləri də formalaşdırır.
Hər kəsdə olmadığına görə acgözlüyü bir simptom adlandırmaq daha doğru olardı. Bu, bir şəxsdə də təzahür edir, bir nəsildə-kökdə və ya ümumilikdə bir xalqda da. Bunlara ayrı-ayrılıqda nəzər salaq.
Qonşunun var, mənim niyə olmasın?
Bəzən insan o dərəcədə acgöz olur ki, elə bu səbəbdən də, necə deyərlər, min ərşin quyunun dibinə yuvarlanır. Bu o səbəbdən olur ki, kiminləsə bəhsəbəhsə düşür. Onda olanların özünün də sahib olmasına çalışır. Məsələn, qonşunun 2-3 mərtəbəli evi var, mənim də olsun, maşını var, mənim də olsun, uşağına dəbdəbəli toy etdi, mən nə üçün etməyim? Nəvəsinə kiçik toy etdi, mən də etməliyəm, qızına dəbdəbəli ad günü keçirdi, mən də etməliyəm. Bax bunların hər birini kiməsə həsəd etməklə həyata keçirməyə cəhd edən adam zaman-zaman acgözlüyün qurbanı olur. Borc alır, qaytara bilmir, kredit götürür, ödəyə bilmir. Əlində olanı xərcləyir, ehtiyacdan qurtara bilmir.
Axı sənin özünəməxsus evin var, nə üçün imkanların xaricində olanını arzulamalısan. Axı sən maşın almaq imkanında deyilsən, nə üçün kiminləsə bəhs edirsən. Oğluna-qızına dəbdəbəli toy etmək gücün yoxdur, nə üçün bunun üçün özünə problem yaradırsan? Nəvənə kiçik toy etsən də, etməsən də heç bir məna kəsb etmir, nə üçün bunu hökmən etməlisən? Çünki acgözlüklə həsəd hissi bir-birinə qarışıb bəzi insanları məhvə aparan yola çıxarır. Bu yol uzun və keşməkeşlidir. Bu daşlı-çınqıllı yollarda yıxılıb dizlərindən qan süzənlər görmüşük, lakin qalxıb bir az ağrıları keçəndən, yaraları sağalandan sonra eynilə yoluna davam etməyə çalışıb. Nə ağrıları, nə də yaraları onun ac gözünü doyuzdura bilməyib.







