Nə biləydik
*📕 Nüsrət Kəsəmənli- Nə biləydik..*
♥️✨🌹
Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək…
♥️✨🌹
Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca sən demə
Can verərmiş qolumuzun üstündə.
♥️✨🌹
Hər görüşə sürünürdü ayaqlar…
O çəmənlər – bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
Ürəyimiz üşüyürmüş deməli.
♥️✨🌹
Əyləncələr qoymadı ki göz açaq;
Hər istəyi biz beləcə bitirdik.
Payız gəldi toy-bayramla, biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.
♥️✨🌹
Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri.
Biz axşamı gözləmişik həmişə..
♥️✨🌹
Yuxu gördük… gah qorxulu, gah da şən,
Boğdu bizi tərəddüdülər axarı.
Yuxularda əllər gördük birləşən,
Nə yozduqsa hicran oldu axırı…
♥️🌹✨
Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək…







