Əbu Səid Bahadur xan – 720
Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335) olan Sultan Əbu Səid Bahadur xan – 720 il əvvəl, yəni 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Onun idarə etdiyi Elxanilər dövlətinə bugünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir. O, 1315-ci ildə Xorasan və Mazandaranın valisi təyin edilmiş və Uyğur əsilzadəsi olan Əmir Sevinc ona atabəy olmuşdur.
Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir.
1335-ci ilin noyabr ayında Qızıl Orda hökmdarı Özbəyin Elxani dövlətinə yeni yürüşü oldu. Bu yürüşə cavab vermək üçün yürüşə başlayan Əbu Səid gəldiyi Qarabağda 30 noyabrdan 1 dekabra keçən gecə vəfat etdi. Onun nəşi Sultaniyyəyə aparıldı və orada dəfn edildi. İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancıya (1304-1377) görə, o, qısqanclıq zəminində Bağdad Xatun tərəfindən zəhərlənərək öldürülmüşdür. Onun taun xəstəliyindən ölə bilmə ehtimalı da mövcuddur. Ondan sonra Toluy xanın ailəsindən Arpa xan hakimiyyəti ələ keçirdi. Dilşad xatun (Bahadur xanın ehtimal edilən 6 arvadından 4-cüsü və adı bilinməyən bir qızı da ondan idi) Bağdad xatunu Bahadur xanın ölümündə ittiham edərək onu edam etdirdi.
Əbu Səid hər hansısa varis və ya seçilmiş vəliəhd buraxmadan ölmüşdü və bu imperiyada qarışıqlığa səbəb oldu. Hakimiyyət uğrunda mübarizə imperiyanın əsas ailələri olan Çobanilər və Cəlairilər arasında getməklə birlikdə, Sərbadarilər hərəkatı kimi hərəkatların da ortaya çıxmasına səbəb oldu. Böyük səyahətçi İbn Battuta Elxani imperiyasına qayıdanda cəmi iyirmi il əvvəl bu qədər qüdrətli görünən səltənətin bu qədər tez dağıldığını görüb heyrətləndi. Əbu Səidin ölümündən sonra Elxani dövləti öz birliyini itirdi və onun varisi olan Arpa xandan sonra imperiya türklər, farslar və monqollar tərəfindən idarə edilən kiçik hakimliklərə parçalandı.






