ice berg

ice berg Hekayələr 10-06-2025, 21:00

Milad gecəsi

Milad gecəsi

İşdən gec çıxdı. Hava qaralmışdı. İçərişəhərin dolanbac küçələrindən keçib Fəvvarələr bağına dönəndə, uşaqlıq dostu ilə rastlaşdı. Dostu dəyişmişdi. Nimdaş ağ paltoda ümidi solmuş yaşara- yaşara onu onu görməyinə əməlli başlı sevinirdi. Çoxdandır su altında yaşayırmış kimi yaşayırdı. Dünyanın səsləri, rəngləri elə bil itmişdi. İndi dostunun sevinən üzü ona ötüb keçmiş, isti bir hissin mövcudluğunu xatırladırdı. Dostunun illər əymiş çiyninə baxa- baxa bu hissi oyatmaq istəyirdi. İçi tərpənmirdi ki, tərpənmirdi. Dostu evlənməmişdi, işləmirdi də. Ağarmış tellərinə, çürümüş sarı dişlərinə, ağzından gələn çaxır qoxusuna acıya acıya əlini dostuna tərəf uzatdı. Öpüşüb ayrıldılar

 

İçində qımıldanan hissin kökünü axtara- axtara bağın asfalt döşənmiş enli pillələriylə üzüyuxarı qalxırdı. Birdən-birə işdə unutduğu eynəyi yadına düşdü. Kefi əməlli başlı pozuldu. Əvvəl istədi geri qayıda. Sonra tənbəllik elədi. Arvadı səhər balıq istəmişdi. Evdən çıxanda pulu öz əliylə hesablayıb döş cibinə qoymuşdu. Nahar edəndə bu pulu üstündən xərcləmişdi. Eynəksiz nə balıqların piştaxta üstə yazılmış qiymətlərini oxuya biləcəkdi, nə də cibindəki pulun miqdarında alacağı ba-lığın çəkisini yoxlayacaqdı. Bunları satıcıdan soruşmağa da utanacaqdı, özü üçün yaratdığı mənasız qayğıdan əsəbləşdiyini görüb balıq almaqdan vaz keçdı. Yəqin ki, evdə yeməyə nəsə vardı.

 

İki nəfər idilər. Uşaqları olmurdu. Arvadı axı vaxtlar ancaq alma ilə dolanırdı. Özünü arıqladandan sonra uşağa oxşamağa başlamışdı. Görünür, arzular gerçəkləşməyəndə adam qocaldıqca uşağa dönür. Çoxdandı sevinə bilmirdi. Yəqin ona göre son vaxtlar arvadına hər gün hədiyyə alırdı ki, heç olmasa o sevinsin. 

Arvadı hədiyyələrdən doğrudan da sevinirdi. Əlini cibinə salıb pulunu yoxladı. Yerindəydi. Yolunu dəyişib bağın içinə doğru getdi. Bağın ətrafına əkilmiş küknar ağacla-rının üstünə boyunbağı kimi şüşə şamlar düzülmüşdü. Şamla-rın çoxusu yanmırdı. Küknarlar yolun qırağında dayanmış bir dəstə eynəkli, əcalı, dişləri tökülmüş qocanı xatırladırdı.
Daş səkinin üstündə oturub oyuncaq alver edən qoca yəhudi başını paltosunun boyunluğu içində gizlətmişdi. Satdığı oyunc-aqlarından seçilmirdi. Piştaxtaya yaxınlaşdı. Oyuncaqları bir-bir qaldırıb nisbətən görən gözünə tutdu. Qoca yəhudi onun qəribə hərəkətlərinə maraqlı baxa-baxa: Bir şey alacaqsan? - soruşdu.
Qırmızı arxalıqlı "qar adamı"nı bəyənib aldı. Oyuncağı cibinə qoyanda arvadının gülən gözlərini düşündü...
Həyətə girəndə qonşusuyla üz-üzə gəldi. Qonşusu:- Bayramın mübarək! - dedi. Yadına düşdü ki, bu gün milad gecəsidir. Başını qaldırıb eyvana baxdı. İşıqları yanmırdı. Pillələri qaça-qaça çıxıb qapını döydü. Arvadı öskürə-öskürə içəridən: -Sənsən? soruşdu.
Süfrəsiz miz arxasında oturmuşdu. Arvadı qarşısına çay qoyub ayaq üstə dayandı. Əlləri əsə-əsə "qar adamı" oyuncağını arvadına uzatdı. Arvadı "qar adamı"nı dinməzcə o biri oyuncaqların yanına qoydu. Yataq otağına keçib oradan: - Yatanda televizoru söndür! - dedi
Səhər yerindən qalxan kimi pəncərədən eşiyə baxdı. Qar yağmışdı.
Şəhər ağ örtük altından yatmış nəhəng dəniz heyvanına oxşayırdı. Arxaya çevrilib çarpayıya tərəf boylandı. Boş idi. Dəhlizi keçib açıq qapıdan çölə çıxdı. Arvadı yun saçaqlı şalını çiyninə salıb, qarlı həyətin ortasında yapdığı iri "qar adamı"nın qarşısında durmuşdu. Kürəyi ilə ərinin baxışlarını hiss edib yuxarı boylandı. Gözləri işım işım yanan arvadı elə bil cavanlaşmışdı. Sevinə-sevinə onu yanına çağırırdı.
Arvadının yapdığı iri "qar adamı"nın üstünə yumşaq-yumşaq qar yağırdı.
Pillələrlə aşağı enməyə başladı. Sonuncu pilləyə ayağını qoyanda hiss elədi ki, gözləri yaşarıb, bu dəqiqə ağlayacaq. Nə qədər elədi, yenə başa düşmədi ki, bu göz yaşları niyə axır... Axı hər şey yaxşıdır.
Orxan Fikrətoğlu 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
240 209 229 216 218 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.