Gənclər nə üçün artıq evliliyə maraq göstərmirlər? - RƏY
"Müasir dövrdə gənclərin evlənməyə çox həvəs göstərməmələrinin əsas səbəblərindən biri iqtisadi vəziyyətlə bağlıdır".
Bu sözləri psixoloq Aydan Məmmədova açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda ailə qurmaq təkcə iki insanın bir-birini sevməsi ilə bitmir:
"Bu, həm də ciddi maddi məsuliyyət tələb edir. Toy mərasimi, cehiz, ev, avtomobil və ümumiyyətlə, ailənin ilkin təminatı üçün lazımi şəraitin yaradılması çoxlarını düşündürür. Xüsusilə, gənclər uzun müddət stabil iş tapa bilmədikləri üçün evlilik qərarını təxirə salırlar.
Həmçinin, kirayə qiymətlərinin bahalaşması, ev almağın çətinləşməsi və əmək bazarında rəqabətin artması kimi faktorlar da gəncləri evliliyi ertələməyə vadar edir. Yəni evlənmək istəyən bir insan əvvəlcə öz maddi durumunu düzəltmək istəyir və bu, illərlə çəkə bilər.
İkinci səbəb də cəmiyyətdə dəyişən dəyərlər və qadınların rolunun artmasıdır. Əvvəllər Azərbaycanda ailə qurmaq gənclərin həyatındakı əsas mərhələlərdən biri kimi görülürdü. Cəmiyyətin gözləntiləri insanları gənc yaşda evlənməyə təşviq edirdi. Amma indi vəziyyət dəyişib. Xüsusilə qadınlar üçün evlilik artıq “mütləq keçilməsi lazım olan bir yol” deyil.
Qadınların təhsilə və karyeraya fokuslanması, öz maliyyə müstəqilliklərini təmin etmələri onları evlənmək üçün tələsməməyə sövq edir. Yəni əvvəllər cəmiyyətdə formalaşmış “evlənməyən qadın xoşbəxt ola bilməz” stereotipi yavaş-yavaş qırılır və qadınlar üçün ailə həyatı artıq yeganə prioritet deyil".
Ekspert qeyd edib ki, kişilər də evliliyi gecikdirirlər:
"Çünki onların da həyat gözləntiləri dəyişib. Keçmişdə kişi ailə başçısı kimi ailəni təmin etməli idi, amma indi daha çox öz fərdi inkişafına, karyerasına və həyatdan nə istədiyinə fokuslanmaq istəyir. Azərbaycanda ailə qanunvericiliyində müəyyən dəyişikliklər edilsə də, boşanmalarla bağlı problemlər, aliment ödənişləri, uşağın valideynlər arasında bölüşdürülməsi kimi mövzular gəncləri düşündürür.
Boşanma halları artdığı üçün gənclər evliliyin uzunmüddətli perspektivdə nə qədər sağlam bir qərar olduğunu sual altına qoyurlar. Boşanma halları ilə bağlı məhkəmə proseslərinin çətin olması, aliment problemləri və bir çox hallarda valideynlərin uşaqlar üzərindəki hüquq çəkişmələri gəncləri evliliyə skeptik yanaşmağa vadar edir. Ən əsas səbəblərdən deyərdim ki, məsuliyyətdən qaçmaq və duyğusal çəkingənlikdir.
Əslində, evlilik böyük məsuliyyətdir. İnsan tək yaşadığı zaman sadəcə özünə cavabdehdir, amma ailə qurduqdan sonra artıq bir insanın həyatına birbaşa təsir edən qərarlar verməli olur. Bəzi gənclər bu məsuliyyəti daşımağa hazır olmadıqlarını düşünərək evliliyi gecikdirirlər. Bundan başqa, gənclərin ailə modelinə qarşı fərqli baxışları da var. Əgər bir insan öz valideynlərinin evliliklərində problemlər görərək böyüyübsə, ya da ətrafında tez-tez boşanmalara şahid olubsa, evliliyə qarşı inamı azala bilər. “Evlilik xoşbəxtlik gətirmir” kimi fikirlər formalaşa bilər və bu da onları evlilikdən uzaqlaşdırır".







