Qürur və sevinc günü - ŞƏRH
Müstəqil Azərbaycanın çətin günləri arxada qalıb. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu daha da inkişaf etdirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edib, ölkəmizi regionun ən inkişaf etmiş dövlətinə və dünyada etibarlı söz sahibinə çevirib. İndi Azərbaycan tarixinin şərəfli və qürurverici günlərini yaşayır.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin və bütövlükdə müasir tariximizin ən qürurverici hadisəsi isə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın döyüş yolu ilə azad edilməsidir. 44 günlük savaşda Prezident İlham Əliyev sərkərdə qətiyyəti ilə Azərbaycanın dövlətçilik tarixində böyük bir tarixi missiyasını yerinə yetirdi. Dövlətimizin Başçısı bütün beynəlxaq təzyiqlərin qarşısını layiqincə aldı, dünya erməniliyinin respublikamıza qarşı diplomatik cəbhə açmasına imkan vermədi, erməni yalanlarını qətiyyətlə ifşa etdi. Bu savaşda qazandığımız zəfər Azərbaycanın inkişafının, tarixinin ən qüdrətli dövrünü yaşamasının, ordumuzun gücünün, əsgər və zabitlərimizin vətərpərvərliyinin, xalqımızın həmrəyliyinin döyüş meydanında təsdiqi oldu. Qarabağda həyata keçirilən antiterror tədbirləri Vətən müharibəsindəki Zəfərimizin ardınca növbəti böyük hərbi-siyasi qələbəmiz oldu. Prezident İlham Əliyev söz anlamayan erməni separatçılarını "dəmir yumruqla" başa saldı. Antiterror tədbirləri bir daha dövlətimizin gücünün, möhtərəm Prezidentimizin qətiyyətinin təntənəsinə çevrildi.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın indi özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı Dövlətimizin Başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.







