Deyirdim, ayrılsaq, şeir yazaram
Deyirdim, ayrılsaq, şeir yazaram,
Ayrıldıq, tutuldu dilim-dodağım.
Ayrıldıq, nə olsun, indi heç nəyə,
Heç nəyə yatmır ki əlim-ayağım...
Daha yağışlar da kədərli deyil,
Günəş də isitmir əvvəlki kimi.
Gecələr saymıram ulduzları da,
Ay da işıldamır dünənki kimi.
Gündüzlər gəzirəm insan içində,
Gecələr dərdlərim üstümə gəlir.
Qovuram fikrini səhər başımdan,
Xəyalın hər axşam yuxuma girir.
Soyuyur ürəkdə bütün arzular,
Daha şeirləri soyuq içirəm...
Sevgi nəğmələrin dolaba yığıb
Üstünə qapqara pərdə çəkirəm.
Gəl apar "öz"ünü, tutub xətrini
Asaram könlümün bir guşəsindən.
İncidər ruhunu hər sızlayanda,
Qulağın tutular nalə səsindən.
#Ülviyyəİbrahimova







