İslam Sadıq - Dünyada
Onsuz da pis çıxıb əzəldən adı,
Gündə neçə kərə dəyişir dadı.
Yaşayırıq basıb bağrına yadı,
Doğmasından yaxşı duyan dünyada.
Səhər günəş kimi çıxan kəsilir,
Hər şeyə dördgözlə baxan kəsilir.
Nə qada azalır, nə qan kəsilir
Qanımızı içib doyan dünyada.
Bir canlı göstərin insandan fağır,
Ürəyi qəm dolu, bağrı da yağır.
De görüm, Nəsimi olmaqdan ağır
Nə var Nəsimini soyan dünyada?!
Dahini tapşırır bir ağlı kəmə,
Qoşur pörnək kimi sevinci qəmə.
Heç zaman gözüm var, görürəm, demə
Xeyirin gözünü oyan dünyada.
Dinəndə dilindən Haqq yağan neyəm,
Haqqı çağırıram mən ona deyəm.
İslam Sadıq olmaq asandı bəyəm
Məni mənə həsrət qoyan dünyada?!







