weher uwagi

weher uwagi Maraqlı 12-01-2026, 10:00

Cek London – 150

Cek London – 150

ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində 12 yanvar 1876-cı ildə amerikalı yazıçı və jurnalist, hərbi müxbir, ictimai xadim, daha çox macəra yönlü hekayələrin və romanların müəllifi kimi tanınan, əsərlərinin motivləri əsasənda 50-dən artıq filmin çəkildiyi bir şəxsiyyət – Cek London dünyaya gəlir.

Doğum adı Con Qriffit Çeyni olan Cek London (1876-1916) məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. San-Fransisko limanında dəniz ilbizləri ovu ilə məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. 1897-ci ilin baharında qızıl axtaranların qrupuna qoşulur, lakin bütün səylərə baxmayaraq axtarışlar heç bir nəticə vermir və London sinqa xəstəliyinə tutulur. Şimal qışının bütün gözəlliklərini özündə hiss edərək 1898-ci ildə San-Fransiskoya qayıdır.

Ədəbiyyatla daha ciddi şəkildə 23 yaşında məşğul olmağa başlayır. İlk dəniz səfəri olduqca böyük təəssüratlar oyatmaqla, London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Çox qısa yazıçı həyatında təxminən 40 kitab yazdı. Soyadı London olsa da, irland mənşəli ABŞ yazıçısı idi😊 Astroloq olan bioloji atası Uilyam Çeyni, övladından imtina edərək arvadı Flora Vellmanı tərk edir. London soyadını ona ABŞ vətəndaş müharibəsi əlili və veteranı olan fermer Con London (onun da iki qızından biri olan böyük qızı Eliza, sonradan Cekin sadiq dostuna və qoruyucusuna çevrilir) verir və Ceki övladlığa götürür. Anası onunla 1876-cı ildə ikinci dəfə ailə qurur.

Qəbul imtahanlarından uğurla keçən Cek London Kaliforniya Unvirsitetinə daxil olur və maliyyə çatışmazlığından buranı cəmi 3 semestr oxuyub tərk edir. 1900-cü ilin yanvarında Cek London özünün universitet yoldaşının nişanlısı Bessi Maddern ilə evlənir, o da ona Coan və Bess adlı iki qız övladı dünyaya gətirir. 1903-cü ilin yayında Şarmeyn Kittric adlı qadına aşiq olan yazıçı ailəsini tərk edir və 1905-ci ilin noyabrında onunla evlənir. 1904-1905-ci illərin rus-yapon müharibəsində hərbi müxbir kimi çalışır. 1907-ci ildə yazıçı öz layihələri əsasənda tikdiyi “Snark” gəmisində dünya səyahətinə çıxır (London düşünürdü ki, səyahət 7 il sürəcək, amma yazıçı xəstələndiyi üçün 1909-cu ildə dayandırıldı). Səhayət dövründə onun bir neçə kitabı üçün zəngin material toplanmışdı. Bu vaxt yüksək qonorarlar sayəsində London varlı adam olur. Onun haqqı hər kitaba görə 50 min dollara çatırdı ki, bu da çox böyük məbləğ idi.

1905-ci ildə yazıçı sonrakı illərdə dəfələrlə genişləndirdiyi bir ərazi alır. Kənd təsərrüfatı işlərinə baş vuran London öz torpağında "ideal ferma" yaratmaq cəhdi göstərib təsərrüfat işlərinin yeni metodlarını fəal şəkildə tətbiq etməyə çalışırdı ki, axırda minlərlə dollarlıq borca düşür. Borclarını bağlamaqdan ötrü yazıçı ucuz ədəbiyyatla məşğul olmağa, məşhur jurnalların tələbini ödəmək üçün aşağı keyfiyyətli əsərlər yazmağa başladı. London bir müddət yazıçılıqdan hətta iyrənməyə başladı. 1914-cü ilin baharında o, "Kolyers" jurnalının tapşırığına əsasən hərbi müxbir kimi Meksikaya yollanır, burada ABŞ-nin digər dövlətlərin daxili işlərinə qarışmasına haqq qazandıran məqalələr yazmaqla partiya yoldaşlarının qızğın etirazına səsəb olur.

London son illərində yaradıcılıq tənəzülü yaşadı, bununla əlaqədar olaraq əvvəllər də qəbul etdiyi spirtli içkini həddən artıq qəbul etməyə başlayır (axırda buraxır). Bütün dünyada Cek London kimi tanınan Con London 22 noyabr 1916-cı ildə Kaliforniya ştatının Qlen-Ellen şəhərciyində 41 yaşında artıq dərəcə morfin qəbul etmə səbəbindən dünyasını dəyişir. Bu preparat ona ağrıkəsici qismində yazılmışdı (Cek London son illərində uremiya adlanan böyrək xəstəliyindən əziyyət çəkirdi). Anası oğlundan sonra 6 il yaşadı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 202 170 145 175 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.