Rasim və Gülnarə ( I hissə)
Rasim Gülnarəni görən andan ona vurulmuşdu. Dərdindən dəli-divanə olmuşdu. O, Gülnarəni dostugildə görmüşdü. Belə ki, Rasimin dostu Eldarın həyat yoldaşı Günəş Gülnarə ilə yaxın rəfiqə idilər. Elə Rasimlə Gülnarənin ilk tanışlığı məhz onların evində baş tutmuşdu. Görünür, tale insanları bir cür tanış edir. Ancaq heç kim bilmir ki, tanışlıqların sonu necə bitəcək. Hər tanışlığın axırında ya əbədi dostluq, ya da ayrılıq var. Bəzən adi tanışlıq əbədi dostluğa, bəzən isə bir dostluq əbədi düşmənçiliyə çevrilir. Kim bilir taleyi, gələcək günləri necə olacaq?! Elə Rasimin də ağlına gəlməzdi ki, bir gün dostunun evində gördüyü bir qız onun ürəyində hakim kəsiləcək. Axı sevgi hissləri insandan ixtiyarsız yaranır. Rasim Gülnarəni görən gündən ona bağlanmışdı. Gecə də, gündüzdə onu düşünürdü. Gülnarə onun gündüzlər xəyalında, gecələr isə yuxularında idi. Gülnarənin sevgisi Rasimi dəli etmişdi. Amma nədənsə Gülnarəyə sevgisini etiraf etməyə cəsarət etmirdi. Əsl sevgi də, məncə, budur. Çünki sevən kəs sevdiyinin "yox" kəlməsindən ehtiyat edir. Aşiq üçün bu söz ölümə bərabərdir. Onlar, sadəcə, "Facebook" sosial şəbəkəsində tanış kimi, dost kimi danışırdılar. Rasim Gülnarəyə sevgisini bildirməsə də, Gülnarə bunu hiss etmişdi. Bəlkə də Rasim özü də bilmədən, dolayısı ilə bunu hiss etdirmişdi. Rasim qəzetlərin birində jurnalist işləyirdi. Özü rayonlu idi, Bakıda kirayədə qalırdı. Gülnarə isə əsl bakılı - şəhər qızı idi. O, universitetin sonuncu kursunda oxuyurdu. Rasimə sevgisini etiraf etməyə mane olan səbəblər də bunlar idi: az maaş, kirayədə qalmaq, bakılı-rayonlu söhbəti... Axı indi zəmanə başqadır - qızların çoxu az maaşla dolanan, kirayədə qalan oğlanları sevmirlər. Sevsələr də, həmin oğlanla ailə qurmaq istəmirlər. Rasim gah bunları düşünüb məyus olurdu, gah da sevgisinə ümidlənərək, öz eşqinə güvənərək qəlbinə fərəh hissi gəlirdi. Əslində, Gülnarə Rasimin ilk sevgisi deyildi. O, bir neçə il öncə Nəzrin adlı qızı sevmişdir. Lakin Rasimin ilk sevgisi daşa dəymişdi. Tale üzünə gülmədi və Nəzrin xalası oğlu ilə ailə həyatı quraraq, Moskvaya köçdülər. Həmin vaxtdan Rasim bir də heç kəsi sevməmək qərarına gəlmişdi. Lakin Gülnarəni görəndən sonra fikrini dəyişməli oldu.






