n2006

n2006 Hekayələr 12-03-2026, 12:30

Yağış, milçək, mən...

Yağış, milçək, mən...

 


Dayanmadan yağan yağışın gecəyə geyindirdiyi don heç yaraşmırdı ona. Ölçüsü böyük, rəngi tünd... Bu uzun libas yerlə süründükcə, daşlara, otlara toxunduqca gələn səs məni eyvana çıxmağa məcbur etdi...


– Dəyiş paltarını!


– Niyə?


– Yaraşmır sənə. Görmürsən necə böyükdü əyninə? Yerlə sürünür, səsdən yata da bilmirəm. Külək də bir yandan. Nə olub axı sizə? Nədi bu?


– Təbiətin mənə hədiyyəsidi bu libas, çıxarmayacağam!


– Uff, özün bilərsən, heç olmasa səssiz ol bir az... – deyib otağa keçdim.


Şablonlaşan “Yaz yağışı” ifadəsi heç bir xoş hiss yaratmırdı məndə. Ancaq etiraf edim ki, havadan gələn torpaq iyi məni eyvanın qapısını yavaş örtməyə vadar etdi. Bunu yağışa və gecəyə büruzə verməməyə çalışsam da, otağımı bu torpaq iyli havayla soyutmaq xoşuma gəldi. Bir az əsəbi, bir az yuxulu, bir az yorğun halda çarpayıma uzanmışdım ki, qulağıma yeni bir səs də gəldi. Aha, bircə bu çatmırdı. Milçək... Vızıltısı qulağımdan beynimə ildırım sürəti ilə yayıldı zalımın. Deyinə-deyinə yenidən ayağa qalxdım.Qalxan kimi ilk işim stolun üstündən əlimə keçən kitabı götürüb milçəyə tərəf getmək oldu. Həmişəki kimi yüksək sürətlə milçəyə yaxınlaşsam da, vurmağa ürəyim gəlmədi. Kitabı yerə atıb, milçəyi qapıya tərəf qovmağa başladım. Olan-qalan enerjimi tükətdimsə də milçəyi otaqdan çıxarmağı bacarmadım ki bacarmadım. Yenə də bir az yorğun, bir az əsəbi,bir az yuxulu şəkildə çarpayımda oturdum. Milçək isə mənimlə üzbəüz olan rəfə qonub dayandı.


Olduqca yorğun bir səslə:


– Çıx get daaa. Yatmaq istəyirəm, geeet.


– Getmirəm.


– Necə yəni getmirəm, durum öldürüm səni?


– İnsan ki, insan. Fikrin elə ziyan vurmaqda, öldürməkdə, dağıdıb tökməkdədi.


– Hə, bircə milçəkdən məsləhət almağım əskik idi. Xoşluqla çıx, get.


– Dedim ki, getməyəcəm! Niyə belə israrla qalmaq istəməyimin səbəbini soruşmursan? Niyə siz insanlar bizi görən kimi ilk işiniz əlinizə nəsə götürüb üstümüzə hücum çəkmək olur? Hətta xüsusi silahınız da var adını da qoymusunuz “milçək öldürən”. Belə qorxuluyuq sizinçün?


– Güldürmə məni.


– Yediyiniz çörəkdən düşən qırıntının üstünə qonanda da öldürürsünüz, bir qurtum suyunuzu içəndə də. Niyə məni çıxarmağa çalışırsan otağından, niyə? Bu boyda otaqda mənə yer yoxdu? Mən ki çox balacayam...


– Balaca, qara və çirkinsən.


– Elə sən də...


– Kəs səsini!!!


– Yaxşı. Səhər eyvanda yediyin çörəyin qırıntılarını götürməyə gəlmişdim. Yağış gücləndi, qayıda bilmirəm. Soyuqdu burda qalım bu gecə?


– Ufffffffff. Nə dəhşətli gecədi, İlahi. Yaxşı qal. Ancaq yerindən tərpənmə! Səsin də çıxmasın.


– Sağ ol,insan! Gəl razılaşaq. Mən vızıldamayım, sən də deyinmə. İlk dəfədir ki, özündən zəifə kömək edirsən. Heç olmasa deyinmə!


– Uff mənim günümə bax daaa... Milçəklə şərt kəsirəm...Belə də iş olar? Yuxu görürəm mən?


– Nərmin, yat! 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 186 132 160 171 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.