Azərbaycanın ilk qadın pilotu - Leyla Məmmədbəyova
Azərbaycanın ilk qadın təyyarəçisi. Leyla Məmmədbəyova. O, 17 sentyabr 1909-cu ildə Bakı şəhərində, qulluqçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Aviasiya məktəbinə daxil olmuş, 1931-ci ildə təcrübəli mütəxəssis kimi Bakı aeroklubunda ilk dəfə U-2 təyyarəsi ilə havaya qalxmışdır. Bundan sonra L.Məmmədbəyova təhsilini davam etdirmək üçün Moskvaya - Mərkəzi Aviasiya məktəbinə ezam edilmiş, 1933-cü ildə Moskva Tuşino aerodromunda ilk paraşüt tullanışını həyata keçirmiş, SSRİ məkanında qadın paraşütçüləri arasında ikinci yeri tutmuşdur.
Şöhrəti tezliklə bütün ölkəyə yayılan Leyla Məmmədbəyovanın şəkli Moskvada nəşr olunan "Oqonyok" jurnalının üz qabığında verilmiş, şəklin altında isə bu sözlər yazılmışdı: "Türk qadını Şərqin ilk təyyarəçi qadınıdır ". Şəxsi təyyarəsi olan bir ingilis qadını Leylanın Moskva səmasında uçması xəbərini eşidəndə və şəklini "Oqonyok" jurnalında görəndə gözlərinə inanmamışdı. O, şərqli qadının təyyarə sürməsini öz gözlərilə görmək üçün Moskvaya, Tuşino meydanına gəlmişdi. Bu zaman L. Məmmədbəyova "U-2" təyyarəsində səmada dövrə vurub yerə enirdi. Təyyarənin pərləri dayandı, qapı açıldı, əynində pilot paltarı olan iri qara gözlü bir qadın yerə düşəndə ingilis qadın heyrətlə demişdi: "Afərin! Bu, əsl inqilabdır!"
L. Məmmədbəyova Bakı aeroklubunda təlimatçı-təyyarəçi, təyyarəçilər klubunun rəisi, planer-paraşütçü klubunun rəisi, Bakı aeroklubunda dəstə komandiri vəzifələrində çalışmış, aviasiya mayoru rütbəsini də almışdır.
Böyük Vətən müharibəsi illərində onun rəhbərlik etdiyi klubdan 4000-ə yaxın paraşütçü-desant, yüzlərlə təyyarəçi məzun olmuşdur.
Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətinə görə SSRİ “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuşdur.







