ice berg

ice berg Ana və uşaq 20-03-2026, 11:00

Uşaqlar, oyunlar və risklər

Uşaqlar, oyunlar və risklər

Uşaqlar arasında internet oyun asılılığı ilə bağlı narahatlıqlar geniş yayılıb. Artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qanunlar qəbul edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “oyun pozğunluğu”nu alkoqol və qumar kimi asılılıq yaradan davranış kimi təsnif edir. Deputat Ceyhun Məmmədovun “Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik” fikirləri də bu narahatlıqdan qaynaqlanır: “Ağıllı telefonlar”ın, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var”.


Ekspertlər hesab edir ki, əks halda bu cür halların sayı daha da artacaq, xoşagəlməz proseslərin qarşısını almaq daha da çətinləşəcək. Amma “qadağa” yeganə çıxış yolu da deyil.

 


Balanslı nəzarət, maarifləndirmə və alternativlər

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, bu məsələ həqiqətən çox aktualdır və valideynləri də, müəllimləri də ciddi şəkildə narahat edir: “Çünki internet oyunları təkcə əyləncə deyil, eyni zamanda uşağın psixologiyasına, davranışına və gündəlik həyat tərzinə birbaşa təsir edən bir mühitdir. Bəzi oyunlar aqressiyanı artırır, asılılıq yaradır, sosial münasibətləri zəiflədir, dərs motivasiyasını azaldır və diqqəti dağınıq edir”. İŞ üzvü bildirir ki, bir çox ölkələrdə artıq bu məsələ ilə bağlı ciddi addımlar atılır. Məsələn, bəzi ölkələrdə yaş məhdudiyyətləri daha sərt tətbiq olunur, uşaqlar üçün zərərli məzmunlar filtrlənir, hətta müəyyən oyunların reklamı və ya istifadəsi məhdudlaşdırılır: “Çin kimi ölkələrdə uşaqların oyun oynama saatları qanunla tənzimlənib. Avropa ölkələrində isə daha çox “qadağa” deyil, “nəzarət və media savadlılığı” yanaşması üstünlük təşkil edir. Yəni uşağın texnologiyadan istifadəsi tam kəsilmir, amma düzgün istiqamətləndirilir”.

 

 

G.Əkbərovanın fikrincə, təkcə qadağa problemi həll etmir. Belə ki, uşaq maraqlandığı bir şeyi qadağan olunmuş kimi gördükdə, bəzən ona daha da çox meyl edir: “Ən düzgün yanaşma balanslı nəzarət, maarifləndirmə və alternativlər təqdim etməkdir. Əsas sual budur: uşağı zərərli oyundan uzaqlaşdırmaq üçün ona alternativ nə təklif edirik? Əgər uşaq boşluqda qalırsa, yenə eyni məzmunlara qayıdacaq. Ona görə də uşaqlara maraqlı, faydalı və cəlbedici alternativlər təqdim edilməlidir. Məncə, uşaqları texnologiyadan uzaqlaşdırmaqdansa, onlara texnologiya ilə düzgün yaşamağı öyrətmək lazımdır. Çünki gələcək artıq rəqəmsal dünyadır. Uşaqlarımızın zərərli axına düşməməsi üçün həm dövlət səviyyəsində tənzimləmə, həm məktəb səviyyəsində maarifləndirmə, həm də ailə səviyyəsində nəzarət mexanizmi birlikdə işləməlidir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 187 197 173 210 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.