Azərbaycanlı qadınlar ən çox hansı ölkələrin vətəndaşları ilə ailə qururlar?
Son illər azərbaycanlı xanımların xarici ölkə vətəndaşlarıyla ailə qurması tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Xarici vətəndaşlarla ailə quran azərbaycanlıların böyük hissəsi qadınlardır. Onlar daha çox Türkiyə, Rusiya və Gürcüstan vətəndaşlarını seçirlər.
2025-ci il üzrə açıqlanan rəsmi statistika göstərir ki, azərbaycanlıların xarici vətəndaşlarla evlilikləri artıq təsadüfi hal deyil, davamlı sosial prosesə çevrilib. Belə ki, Türkiyə Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə Türkiyədə ümumilikdə 552 237 nikah qeydə alınıb.
Loading.aZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bu nikahlardan 1 936-sı Azərbaycan vətəndaşı olan qadınların, 253-ü isə Azərbaycan vətəndaşı olan kişilərin payına düşür.
Paralel olaraq, Azərbaycan üzrə göstəricilər də qarışıq nikahların artdığını təsdiqləyir. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında, ümumilikdə 2 081 nikah rəsmiləşdirilib. Bu evliliklərdə əsas tərəfdaş ölkələr sırasında Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan xüsusi yer tutur.
Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ötən il Azərbaycan vətəndaşı olan qadınlar ən çox Türkiyə (304 nikah), Rusiya (225 nikah) və Gürcüstan vətəndaşları ilə (196 nikah) ailə qurublar.
Əlaqələr artdıqca tanışlıqlar genişlənir
Sosioloq Mail Yaqubun sözlərinə görə, son illər azərbaycanlı xanımların və bəylərin xarici vətəndaşlarla ailə qurması tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəbi insanlar arasında əlaqələrin və ünsiyyət imkanlarının genişlənməsidir:
"Sovetlər dövründə Azərbaycanın xarici ölkələrlə münasibətləri məhdud idi, internet və sosial şəbəkələr mövcud deyildi. İnformasiya texnologiyalarının inkişafı, miqrasiyanın artması nəticəsində əlaqələr çoxalıb. Əlaqələr artdıqca tanışlıqlar genişlənir, tanışlıqlardan isə ailələr formalaşır. Bu, tamamilə təbii və obyektiv prosesdir".
M.Yaqub bildirdi ki, xüsusilə Rusiya və Türkiyə ilə bu cür evliliklərin daha çox olması təsadüfi deyil:
"Hər iki ölkə Azərbaycana coğrafi, tarixi və sosial baxımdan yaxındır. Rusiya ilə uzunmüddətli miqrasiya əlaqələri mövcuddur və bu ölkədə azərbaycanlı kişilərin rus xanımlarla ailə qurması daha çox müşahidə olunur. Türkiyədə isə əksinə, azərbaycanlı xanımların türkiyəli bəylərlə evlənməsi tendensiyası son illərdə artıb. Bu prosesin əsas səbəbi yenə də kommunikasiyanın intensivliyidir. Türkiyə ilə bağlı şəxsi müşahidələrimə əsasən demək olar ki, azərbaycanlı xanımların daha evdar, ailəyə və həyat yoldaşına qarşı daha diqqətli olmaları cəlbedici amillərdən biridir. Lakin bu, əsas səbəb deyil, sadəcə faktorlardan biridir".
Xalqlar milli və etnik kimliklərini qorumalıdır
Sosioloqun fikrincə, bu tendensiyanın Azərbaycan üçün mənfi tərəfləri də var:
"İlk növbədə, demoqrafik baxımdan ölkə üçün risklidir. Azərbaycanlı xanım xarici vətəndaşla ailə qurduqda, əksər hallarda Azərbaycan vətəndaşlığından çıxaraq başqa ölkənin vətəndaşlığına keçir. Əhali sayı çox olmayan ölkə üçün bu, arzuolunan hal deyil. Əhalinin artımı hərbi, strateji, siyasi və iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Digər mühüm məqam mədəni aspektlə bağlıdır. Xarici vətəndaşla ailə qurmaq nəticəsində həmin ölkənin mədəni mühiti fərdin həyatına təsir göstərir və bu, bəzi hallarda assimilyasiya riskini artırır. Müasir sosiologiya göstərir ki, qloballaşma güclənsə də, xalqlar milli və etnik kimliklərini qorumağa meyillidirlər. Öz mədəniyyətinə sədaqət müasirliyə zidd deyil, əksinə, sağlam cəmiyyətlərin əsas göstəricisidir".







