Mənsiz qalacaqdır bu dünya bir gün
🌷🍃🌹🌾🌷🍃🌹🌾
Mənsiz qalacaqdır bu dünya bir gün,
Kiminsə gözünə yaş gələcəkdir,
Mənsiz qalacaqdır bu dünya bir gün,
Bir daş qəmli-qəmli dikələcəkdir.
🌾🌷🌹🍃🌾🌷🌹🍃
Dodaqdan gülüştək silinər adım,
Ömür-sonu gələn keçilən yoldur,
Dünya gəlişimdən xəbər tutmadı,
Bəlkə gedişim də xəbərsiz oldu.
🌷🌾📚🌷🌾📚🌷🌾📚
Köçüb gedəcəyəm günün birində,
Hicran göyərəcək yerimdə mənim.
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim.
💐🪷🍃💐🪷🍃💐🪷🍃
Qara çərçivədən baxacaq şəklim,
Donuq gözlərimdə daldalanar qəm.
Sinəmdə duyğutək yatar əllərim,
Oyadıb son şeri yaza bilmərəm.
🌷🌾🌹🌷🌾🌹🌷🌾
Qara daş doğular, soyuq, mən adda;
Bir qadın hıçqırıb saçını yolar.
Ayrılıb gedərəm tabutum altda
Dörd çiyin görüşər, dörd ürək vurar...
💡🪻🍃💡🪻🍃💡🪻
Mənim çarpayımda süküt uyuyar,
Artar bir sakini qəbristanın da.
Bir çiçək kökünü sinəmə qoyar,
Rəngi ləçəklərə keçər qanın da
🌻🌹🍃🌻🍃🌻🌹🍃
Gəlib bu çiçəyi dərənim olmaz,
Bahar göyərdəcək,
Qış solduracaq.
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq.
🌾🌹🍃🌾🌹🍃🌾🌹🍃
Köçüb gedəcəyəm dünyadan bir gün,
Bəlkə yüz il sonra,
Bəlkə də sabah.
Bəlkə bir qu kimi çırğınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq...
✍🏻 🌹Nüsrət Kəsəmənli







