Bəxtiyar Vahabzadə
Sən mənim ovcuma qum tökməməkçün Həmişə gizlətdin nəyisə məndən.
Ucaldın günbəgün, Qalxdın günbəgün.
Daha gözəl oldun bu gün, dünəndən.
Hikmət kitabıdır sənin surətin.
Onu sona qədər oxumaq çətin!
Bu uzun illərin dolaylarında
Mənimçün bir dəfə adiləşmədin.
Dərinsən, zirvəsən mənim gözümdə,
Belə tanımışam səni mən, gülüm.
Qeyri-adiliyin boy alır, həm də
Mənim həsrətimdən, eşqimdən, gülüm.






