Bağışlayıram
Mənim bu yaşımda yoluma tikan
Düzən adamları bağışlayıram.
Ölüm-itimli dünyadır, məni
Üzən adamları bağışlayıram.
Mən bu adamlardan heç nə ummuram
Uman adamları bağışlayıram.
Yaxşı adamların bir gülüşünə
Yaman adamları bağışlayıram.
Dünəni bu günə nəzir demişdim
Bu günü sabaha bağışlayıram.
Mənim kin saxlamaq həvəsim yoxdur
Hamını Allaha bağışlayıram.
Sinəmə düşməyən ömür qurutdum
Tütün adamları bağışlayıram.
Mən bircə özümü bağışlamıram
Bütün adamları bağışlayıram.






