Təhsil İnstitutunun tender oyunları və dərslik rəzaləti
"Sistemin daxilində yuva quran yarıtmazlığın və elmi geriliyin ən bariz, acınacaqlı örnəyi təhsilin beyni sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqid hədəfinə çevrilən bu qurum bu gün öz birbaşa profilindən, elmi-pedaqoji missiyasından tamamilə uzaqlaşaraq, nə işlə desən məşğul olan bir layihə və tender kontoruna çevrilib". Bunu Sun.Az
-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
Onun sözlərinə görə, təhsil İnstitutunun fundamental elmi araşdırmalar aparmaq, milli dərslik strategiyasını qurmaq əvəzinə nazirlik daxilindəki müəyyən qruplaşmaların və podratçı tenderlərin mərkəzi kimi idarə olunması rəsmi hesabatların ən böyük rüsvayçılığıdır: "Vaxtilə nazirin özünün bu institutun rəhbərliyində olduğu dövrlərdən qalan layihələrdəki xeyli sayda neqativlərin, maliyyə yeyintilərinin və uğursuz proqramların üstünü ört-basdır etmək üçün Elnur Əliyevin bura gətirilməsi, ardınca isə onun fərqli agentlikləri ələ keçirmək uğrunda apardığı daxili kadr müharibələri təhsil elmini tamamilə iflic vəziyyətinə salıb. İnstitut rəhbərliyi şagirdlərin dərslərdəki passivliyindən şikayətlənməklə öz məsuliyyətini üzərindən atmağa çalışsa da, cəmiyyət yaxşı bilir ki, bu passivliyin və uğursuzluğun memarı məhz elmdən uzaq, bərbad dərslikləri ortaya qoyanların özüdür.
Dərsliklərdəki biabırçı elmi və metodiki səhvlər, məntiqsiz tapşırıqlar, dil və üslub qüsurları bu tədris ilində də valideynlərin və ziyalıların haqlı qəzəbinə səbəb olub. Təhsil İnstitutunun birbaşa nəzarətində hazırlanan və milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər milli təfəkkürdən uzaq, qondarma və şagirdlərin yaş psixologiyasına tamamilə zidd mexanizmlərlə doldurulub. İnstitutun rəhbərliyi dərsliklərin keyfiyyətini qaldırmaq, daxili ekspertizanı gücləndirmək əvəzinə, xarici qrant layihələrinin, səs-küylü və formal konfransların, xarici hesabat sessiyalarının arxasında gizlənir. Təhsilimizin elmi sütununu qurmalı olan bir təsisatın tender oyunlarının, daxili vəzifə çəkişmələrinin mərkəzinə çevrilməsi dərslik yaradıcılığını bir qrup imtiyazlı şəxsin qazanc mənbəyinə çevirib. Nəticədə isə hər il milyonlarla dərslik yenidən çap olunur, hər il eyni elmi xətalar təkrar edilir və millətin övladları bu savadsız bəlalardan zəhərlənməkdə davam edir. Təhsilimiz bu gün elmdən uzaq başbilənlərin tender maraqlarına deyil, milli intellektual genofondun qorunmasına xidmət edən dürüst bir elmi regenerasiyaya möhtacdır".






