Mən uşaq olanda fərqli idi hər şey
Mən uşaq olanda hər şey fərqli idi.
Nənəm babamla nərd oynayırdı,
Biz “oyunçu aparsın” deyirdik.
Sonra bir gecə həyat adlı oyunun oyunçusu
apardı ikisini də.
– Dinmədik....
Mən uşaq olanda fərqli idi hər şey.
Uşaqlıq dostlarımızla oynadığımız silah oyununda
Heç cür vurduğumu sübut edə bilmədəyim,
ölməyən dostumu
bircə gülləyə erməni öldürdü.
– Kədərləndik...
Mən uşaq olanda fərqli idi hər şey.
Futbol oynaya bilmir,
Ayağı top tutmur deyə,
Oyuna buraxmadığımız oğlan
Müharibədə ayaqlarını itirdi
– Yeridik...
Atamız gözümüzün qabağında
anamızı döyəndə
ilk dəfə nifrət etməyi,
ilk dəfə daha çox sevməyi öyrəndik.
Sonradan ilk sevdiyimiz qadın da
başqasına ərə gedəndə
daha çox ağrı yaşadıq,
daha çox sevdik...
Sonra yavaş-yavaş böyüdüm.
Daha heç kimə
“oyunçu aparsın” demədim ki,
əcəl aparar birdən…
Məhlədə futbol, müharibə oyunu oynayan
uşaqlarla oynadım ki,
ölərlər birdən.
Anamla atamın da şəklini
divardan yan-yana asdım,
amma qorxurdum ki,
dalaşarlar birdən.
Bir də sevmədiyim qadından ata oldum,
Sevdiyim qadını düşünə-düşünə.
Orxan Saffari







