Budda

Budda Müxtəlif 30-07-2026, 14:00

Qabağımda çayım soyuyub, dəyişməyə ərinirəm.

Qabağımda çayım soyuyub, dəyişməyə ərinirəm.

Yağışlı günlər keçib gedib, ardından günəşli günlər təşrif buyurub. Evdəyəm yenə. Bekar günlərimdən biridir. Amma bu dəfə darıxıb eləmirəm, lap yaxşıyam. Son günlər məndə şiddətli oxumaq ehtiyacı yaranıb. Bunu qarşılamaq üçün hərisliklə kitab şkafıma baxıram, "Nədən başlayım?" — deyirəm öz-özümə.

Knut Hamsunun "Aclıq" romanı... Yox, bunu oxumuşam. Kafkanın **"Atama məktub"**u... Bunu da o gün oxudum. Sonra Somerset Moemin "Ay və qara qəpik" romanının üstünə diqqət kəsilirəm. Bunu dostlarım çox tərifləmişdi. Dedim, oxuyum görüm bu nəmənədir.

"Ay və qara qəpik" romanı dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır. Üstəlik, yazıçı "Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə uzlaşmalıdırmı?" sualına cavab olaraq rəssam Striklendin həyatını ortaya qoyur.

Özü də insan təbiətinin bütün ziddiyyətləri ilə: istedad, qəddarlıq, alicənablıq, xudpəsəndlik...

Striklend ənənəvi ingilis həyatı yaşayan, sakit, qaradinməz, heç bir maraqlı tərəfi ilə diqqəti çəkməyən bir obraz kimi təqdim olunur oxucuya.

Bir gün o, heç bir səbəb olmadan evi tərk edir və birdəfəlik Parisə köçür...

Çaş-baş qalırsan. Striklend niyə evdən getmişdi?! Hamının ehtimal etdiyi kimi, bəlkə bütün pullarını toplayıb hansısa əxlaqsız qadına qoşulub qaçmışdı? Bu anlaşılmazlığın sehrinə düşüb başlayırsan hər sətri diqqətlə oxumağa.

Yazıçı birdən kameranı Parisə tərəf döndərir. Görürük ki, Striklend əslində bura nə hansısa qadından ötrü, nə də başqa bir qayğıdan ötrü gəlmişdi.

Striklendi Parisə çəkib aparan sənət eşqi olmuşdu. O eşq birdən-birə içində partlamışdı və bu fövqəlgücə qarşı çıxa bilməmişdi. Bütün varlığı bu ehtirasın dalınca getmişdi. Bu, bəlkə də, həyatın adiliklərinə qarşı insan romantikasının qiyamı idi.

Striklend qaradinməz idi, az danışırdı. Görünür, sözlər onun zəkasını işıqlandıracaq qədər qüdrətli deyildi. O, özünü ifadə etməyi, həyata etirazını sənətdə tapmışdı — rəssamlıqda. Həm də öz həqiqətinə möhkəm şəkildə bağlı idi.

Amma eyni zamanda xaraktercə ziddiyyətli adam idi. Nə sevə bilirdi, nə kiməsə xoş münasibət göstərə bilirdi. Üstəlik, ona emalatxanasından və evindən təmənnasız istifadə etməyə şərait yaradan rəssam dostu Stryova da xəyanət etmişdi. Arvadını əlindən almışdı, sonra isə həmin qadını da buraxıb getmişdi.

Sevgi insan təbiətinin nəcibliyindən doğur. Sevgidə qayğı, xeyirxahlıq, sevinc bəxş etmək, özünü fəda etmək duyğusu var. Striklenddə isə bunların heç biri yox idi. Onun əvəzinə istehza var idi...

Sonra Striklendi Taitidə görürük... Bura onun üçün, bəlkə də, xoşbəxtlər ölkəsi idi. Burada ruhi rahatlıq tapmışdı. İnsanlar onun qəribəliklərinə, yaradıcı təbiətinə təbii bir şey kimi baxırdılar. Striklendin axtardığı da bu idi — onu bütün mənfi və müsbət tərəfləri ilə qəbul edən insanların əhatəsində olmaq, heç bir maneə olmadan yaradıcılıqla məşğul olmaq.

Yaradıcı insan təbiəti belədir. Özünü heç bir yalana inandıra bilmir, adilikdən, təkrarlardan bezir, tükənir. Cəmiyyət qanunları onu öz burulğanında boğmaq istəyir...

Amma sənətin gücü Tanrının gücüdür, bütün yaradılışın gücüdür. O, hər şeyi bir rəssam barmağı ilə kənara itələyə bilir, hər şeyin fövqündə dayana bilir.

Striklendin də etirazı yaradıcı etiraz idi. Cəmiyyətin bütün iyrəncliklərinə, saxtakarlığına qarşı...

Qabağımda çayım soyuyub, dəyişməyə ərinirəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
67 71 57 41 46 64

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.