NASA-dan nəhəng kosmik missiya - Teleskop milyardlarla qalaktikanı araşdıracaq
NASA iki milyarddan çox qalaktika haqqında məlumat toplaya biləcək "Nensi Qreys Roman" kosmik teleskopunu orbitə çıxarıb. Loading.Az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, teleskop Bakı vaxtı ilə saat 14:26-da Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən "SpaceX" şirkətinin "Falcon Heavy" raketi ilə kosmosa buraxılıb.
Amerikalı astronom Nensi Qreysin şərəfinə adlandırılan teleskopun beş il fəaliyyət göstərməsi nəzərdə tutulur. NASA onun fəaliyyət müddətini daha beş il uzatmağa ümid edir.
Toplanacaq məlumatlar ulduzların, qalaktikaların və qalaktika klasterlərinin necə formalaşdığını və zamanla necə dəyişdiyini, həmçinin kainatın genişlənmə prosesini daha yaxşı anlamağa imkan verəcək.
ABŞ Kosmik Administrasiyası "Nensi Qreys Roman" teleskopunun ilk görüntülərini 2027-ci ilin əvvəlində yayımlamağı planlaşdırır.
NASA-nın tədqiqatçı alimi Culi MakEnerinin sözlərinə görə, yeni teleskop "Hubble" teleskopundan 100 dəfə daha geniş səma sahəsini əhatə edəcək. O qeyd edib ki, "Nensi Qreys Roman" Süd Yolunu bir ay ərzində araşdıra və 20 milyarda qədər ulduzu qeydə ala biləcək. Bunun astronomik obyektlərin indiyədək hazırlanmış ən böyük kataloqu olacağı gözlənilir.






