ABŞ-İran müharibəsində SON DURUM: Hörmüzdə gəmiçilik kəskin azaldı, neft bahalaşdı
ABŞ və İran arasında son günlər yenidən şiddətlənən qarşıdurma Yaxın Şərqdə gərginliyi artırıb. Loading.Az
Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı yeni hava zərbələrindən sonra Tehran da cavab tədbirlərini genişləndirib. İran qüvvələrinin ABŞ-ın bölgədəki hərbi obyektlərinə və Vaşinqtonun müttəfiqlərinə qarşı raket və dron hücumları həyata keçirdiyi bildirilir.
Qarşıdurmanın əsas mərkəzlərindən biri Hörmüz boğazıdır. Reuters-in Kpler məlumatlarına əsaslanan son məlumatına görə, sentyabrın 3-də boğazdan cəmi 4 kommersiya yük gəmisi keçib. Müharibədən əvvəl isə burada gündə təxminən 125 kommersiya gəmisi hərəkət edirdi.
İranın Hörmüz boğazındakı gəmiçiliyə tətbiq etdiyi məhdudiyyətlər qlobal enerji bazarında da narahatlıq yaradıb. Neft qiymətləri yüksələrək son həftələrdə ən yüksək səviyyələrə çatıb. Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti sentyabrın 3-də 95 dolları, gün ərzində isə 97 dollardan yuxarı səviyyəni görüb.
ABŞ-ın son zərbələri zamanı İranın cənubunda yerləşən Sirik bölgəsində toy mərasiminə də zərbə dəydiyi bildirilir. Hadisə nəticəsində ölən və yaralananların olduğu açıqlanıb. ABŞ hərbçiləri insidentlə bağlı araşdırma aparır. Reuters-in təhlilinə görə, partlayışın ABŞ istehsalı sursatın birbaşa zərbəsi nəticəsində baş verməsi ehtimalı yüksəkdir.
Bu arada İran Körfəz ölkələrindəki ABŞ obyektlərinə qarşı da cavab zərbələri endirib. İranın Küveyt, Bəhreyn və digər ABŞ müttəfiqlərinin ərazilərinə raket və dron hücumları həyata keçirdiyi barədə məlumatlar yayılıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə qarşıdurmanın "müharibə" adlandırılmasına ehtiyatla yanaşaraq, Vaşinqtonun əsas hərbi əməliyyatlarının başa çatdığını bildirib. Bununla belə, bölgədə yeni hücumların baş verməsi gərginliyin tam aradan qalxmadığını göstərir.
Digər tərəfdən, Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına dəstək vermək üçün hərbi variantlar da daxil olmaqla müxtəlif imkanları nəzərdən keçirdiyini açıqlayıb.
Hazırda əsas risk Hörmüz boğazında vəziyyətin daha da pisləşməsi və bunun qlobal neft tədarükünə təsir etməsidir. Qarşıdurmanın diplomatik yolla dayandırılması ilə bağlı danışıqların perspektivi isə hələ də qeyri-müəyyəndir.
Müəllif: İlkin Məmmədkərimov






