Gəlirsən, gedirsən
Gəlirsən, gedirsən
Gözüm önündə,
Bilmirsən nə sorur, nə deyir atan.
Üzündən, gözündən,
Hər bir sözündən
Qəlbini oxumaq istəyir atan!
Gəlirsən, gedirsən,
Heç nə sormuram,
Baxışlar danışır, baxışlar ancaq.
Bilmək istəyirəm, a mənim balam,
Səni isidirmi qonduğun budaq?
Qınama, bələdəm mən bu həyata,
Kim çarxı geriyə döndərə bilmiş?
Övlada qızıldan taxt verən ata,
Qızıldan bəxtini kim verə bilmiş?
Gəlirsən, gedirsən,
Dəyişmiş bizim
Sözümüz, sorğumuz...
Bu sən,
Bu da mən.
Elə gəlirsən ki, elə bil, qızım,
Bu evdə doğulub böyüməmisən.
Bir az yad olmusan, bir az utancaq,
Əvvəlki ərkini istərəm yenə.
Gələndə qonaqsan, gedəndə qonaq,
Nə tez özgələşdi bu ocaq sənə?
Sənin xislətin də nə tez dəyişdi?
Bəxtiyar Vahabzadə.







