Yağış yağır sevgilim
Yağış yağır, sevgilim…
Tökülən hər damlasında sənin səsin
Bəzən şıltaqlıq həvəsin… Yağır yenə üz-gözümə
İslanıram istəyinin dənizində,
Arada bir guruldayan göy üzündə sənin adın möhürlənir…
Yağış yağır, sevgilim…
Səsin gəlmir qulağıma, darıxıram
Pəncərədən boş yollara hey baxıram…
Qorxuram ki, ürəyini sındırmışam
Bəlkə biganə qalmışam..?
Axı necə inandırım, hər kəlməmdə onun adı
Həm suyumda, çörəyimdə onun dadı..!
Unutmağı unutmuşam onun üçün
Bəs görəsən susur telefonum neyçün..?
Yağış yağır, sevgilim…
Uşaq kimi kövrəlmişəm
Qollarında uyuyardım mən bu gecə
Ətrinlə sərxoş olardım, bilsən necə…
Bəlkə də son yağışımdır, bəlkə bu bahar qışımdır..?!
Öpüşərdik gözümüzü yumub yenə
Toxunardı barmaqlarım köynəyinə..!
Saniyəni öldürərdik, dəqiqəni basdırardıq,
Saatlara hökm verib asdırardıq
Bu sevgiylə biz istəsək lap cahanı susdurardıq, inan mənə..!
Sən susmasan…
Bəlkə bu gün son günümdür
Onun üçün istədim ki, bircə kəlmə deyim sənə
Bilirəm ki, sən sevirsən
Yağış yağır, sevgilim…

MÜƏLLİF-AZƏR ŞİRİN






