Atmosfer yağıntıları
Respublika ərazisində yağıntıların miqdarındakı böyük fərqlər relyef xüsusiyyətləri, dağ silsilələrinin hündürlük fərqi, yamacların dikliyi və səmtinin müxtəlifliyi, böyük su hövzələrinə yaxınlıq və verilmiş ərazi üçün səciyyəvi olan atmosfer dövranı ilə qarşılıqlı əlaqələrlə izah edilir. İlin soyuq dövründə (noyabr-mart) ən az yağıntı Kür-Araz ovalığında - Kür çayı vadisində, xüsusilə də qərb hissədə 150 mm, bəzi yerlərdə isə 100 mm-dən az olur. Böyük Qafqazın şimal-şərq yamacında bu kəmiyyət 250 mm, cənub yamacda 350 mm və daha çox, Kiçik Qafqazın şimal və cənub hissələrində müvafiq olaraq 150–200 mm, Naxçıvanda 300 mm, Talış dağlarında isə 1600 mm-dən çox olur. İsti yarımillikdə (aprel-oktyabr) ən az yağıntı Kür-Araz ovalığı və Abşeron yarımadasının Xəzər sahili hissəsində müşahidə olunur (50–100 mm). Buradan Kür vadisi ilə yuxarıya doğru getdikcə, xüsusilə də dağlara yaxınlaşdıqca yağıntıların miqdarı artır. Bu kəmiyyət Böyük Qafqazın şimal-şərq yamacında 400 mm, cənub yamacda isə 800 mm-ə çatır, Kiçik Qafqazın şimal hissəsində 400 mm, cənub hissəsində 500 mm, Naxçıvanda - Araz çayı boyunca 100 mm, yüksək dağlıq zonada, xüsusilə də Zəngəzur dağlarında 300 mm, Talış dağlarında isə 500 mm təşkil edir.






