Yağıntılı günlərin illik miqdarı
Orta çoxillik yağıntı məlumatlarının təhlili göstərir ki, sutkalıq miqdarı 2–5 mm olan xırda yağıntılar tez-tez, 20–30 mm və artıq olanlar isə az-az təkrarlanır. Ə.M.Şıxlınskinin (1949) tədqiqatlarına görə miqdarı >0,1 mm olan yağıntılı günlərin sayı, Kür-Araz ovalığında 60-70 gün, dəniz sahilində isə bir qədər azdır. Bu cür az miqdar Naxçıvanın Arazboyu düzənliklərində də müşahidə edilir. Kür-Araz ovalığından dağlara doğru yağıntıların təkrarlanması artır: Böyük Qafqazda cənub yamacda 160 gün, şimal-şərq yamacda 140 gün, Kiçik Qafqazın şimal hissəsində 120, cənub hissədə 130 gün, Talış dağlarında 130 gün, Naxçıvanın dağlıq zonasında isə 120 gün təşkil edir. Respublika ərazisində bol yağıntıların şaquli paylanmasının (sutkalıq miqdarı >20 mm olan) təhlili göstərir ki, (Böyük Qafqazın şimal-şərq yamacı və Lənkəran vilayəti istisna edilməklə) yağıntılı günlərin hündürlüyə doğru dəyişməsinin ümumi qanunauyğunluqları mövcuddur, yəni müəyyən hündürlüyə qədər yağıntılı günlərin sayı artır, sonra isə azalır. Böyük Qafqazın cənub yamacında onların kəmiyyəti təqribən 2200–2400 m-ə qədər, Kiçik Qafqazın şimal hissəsində 1400–1500 m, Naxçıvanda isə 3200–3600 m-ə qədər artır. Bu yüksəkliklərdən sonra yağıntılı günlərin sayı azalır. Sutkalıq miqdarı > 20 mm olan yağıntılı günlərin, yəni, bol yağıntılı günlərin ən böyük kəmiyyəti (25 gün). Böyük Qafqazın cənub yamacında və Lənkəran vilayətinin sahil rayonlarında, ən az isə (5 gündən az) Kür-Araz ovalığında, Naxçıvanın və Talış dağlarının yüksək hissələrində müşahidə edilir.[3]






